Şükr və minnətdarlıq duaları (#4830)

Bütün təriflər, Ey mənim Allahım, Sənə olsun, Ey cəlal və möhtəşəmlik, əzəmət və şərəf, hökmranlıq və səltənət, ucalıq və fəzl, həşəmət və hakimiyyət Mənbəyi. Sən kimi istəsən, Ən Böyük Dəryaya yaxınlaşdırırsan və kimə arzu etsən, ona Sənin ən Qədim Adını tanımaq şərəfi əta edirsən. Göydə və yerdə olanlardan heç kəs Sənin hökmran iradənə qarşı dura bilməz. Əzəldən Sən bütün xilqəti idarə etmisən və əbədiyyətə qədər də Sənin hökmranlığın bütün mövcudat üzərində qalacaq. Səndən başqa Allah yoxdur, Qüdrətli, Ən Uca, Ən Qüvvətli, Ən Hikmətli Allah.

Ya Rəbb, Sənin bəndələrinin üzlərini nurlandır ki, onlar Sənə baxsınlar; onların ürəklərini pak et ki, Sənin səmavi nemətlərinə tərəf dönsünlər və Sənin Özünün Məzhərin və Sənin Zatının Məşriqi olan Kəsi tanısınlar. Həqiqətən, Sən bütün aləmlərin Rəbbisən. Səndən başqa Allah yoxdur, Sən İxtiyar Sahibi və Qalibiyyətlisən.

-Bahá'u'lláh
-----------------------

Şükr və minnətdarlıq duaları (#4831)

Ən Uca Allahın adı ilə! Uca və Şanlısan Sən, Ya Rəbb, Qüdrətli Allah! Sənin hikmətin qarşısında aqillər aciz qaldılar və Sənin elmin qarşısında ariflər öz cahilliklərini etiraf etdilər, Sənin qüdrətin önündə güclülər zəifliklərinə, zənginliyin qarşısında varlılar yoxsulluqlarına şəhadət verdilər, Sənin nurun qarşısında nurlanmışlar zülmətdə itib-batmışlar, Sənin biliyinə doğru anlayış cövhərinin özü dönür, hüzurunuн məbədi ətrafında isə bütün bəşərin ruhu təvaf edir.

O halda Sənin Zatını mən necə tərif və ya tərənnüm edə bilərəm, Onu müdrikin hikməti və alimin elmi dərk etməkdə aciz qaldı, çünki heç kəs dərk etmədiyini vəsf edə bilməz, nə də yetişmədiyi şeyi tərif edə bilər, Sən isə əzəldən əlçatmaz, dərk edilməz olmusan. Sənin şərəf səmana qalxmağa gücüm yetməz, Səni tanımağın fəzasına uça bilmərəm, fəqət Sənin gözəl işlərinin nişanələrindən bəhs edə bilərəm.

Sənin cəlalına and olsun! Ey ürəklərin Məhbubu, Ey Sənin həsrətinin iztirabını yalnız Özü sakitləşdirən! Hətta göyün və yerin sakinləri birləşib Sənin əlamətlərinin ən cüzisini belə - nədə və nəyin vasitəsilə ki, Sən Özünü aşkar etmisən – tərif etməkdə aciz qalarlar, o ki qaldı Sənin bütün əlamətlərinin yaradıcısı olan müqəddəs Kəlamını tərif etsinlər.

Bütün tərif və alqış Sənə olsun, O Kəs ki, bütün şeylər şəhadət verib ki, Sən təksən və Səndən başqa Allah yoxdur, O Kəs ki, əzəldən bütün bənzərlik və oxşarlıqdan uca olub və əbədiyyətədək də belə qalacaq. Bütün sultanlar ancaq Sənin bəndələrindir, görünən və görünməyən bütün varlıqlar Sənin qarşında bir heçdir. Səndən başqa Allah yoxdur, Fəzl Sahibi, Qüvvətli, Ən Uca Аllаh.

-Bahá'u'lláh
-----------------------

Şükr və minnətdarlıq duaları (#4832)

Sübhansan Sən, Ya Rəbb, mənim Allahım! Şükr edirəm Sənə, çünki məni qabil etdin ki, Zatının Məzhərini tanıyım və Sənin düşmənlərindən məni ayırdın, Öz günlərində mənim gözüm qarşısında onların bəd əməllərini və şər işlərini açdın, onlara olan bütün bağlılıqlardan məni qurtardın, məni tamamilə Öz fəzlinə və bol nemətlərinə doğru döndərdin. Yenə Sənə şükr edirəm ki, Öz iradə buludlarından məni imansızların eyhamından və kafirlərin kinayəsindən pak edən şeyləri nazil etdin və beləcə mən ürəyimi Sənə bağladım və Sənin üzünün nurunu dananlardan uzaqlaşdım. Yenə də Sənə şükr edirəm ki, Sənin məhəbbətində sabit olmaqda, Səni tərif etməkdə və sifətlərini ucaltmaqda mənə qüvvə verdin, görünən və görünməyən hər şeyi saran mərhəmətinin piyaləsindən mənə içirdin.

Sən Qüdrətli, Ən Uca, Ən Cəlallı, Ən Mehribansan.

-Bahá'u'lláh
-----------------------

Şükr və minnətdarlıq duaları (#4833)

Bütün əzəmət və bəha, Ey mənim Allahım, bütün hökmranlıq və nur, ehtişam və cəlal Sənin üzərinə olsun. Sən kimə istəsən, ona sultanlıq əta edirsən və kimi istəsən, ondan məhrum qoyursan. Səndən başqa Allah yoxdur, Hər şeyə Malik, Ən Uca. Sən O Kəssən ki, yoxdan kainatı və onda olan bütün məxluqatı yaradıb. Sənin özündən başqa heç nə Sənə layiq deyil, Səndən başqa hər şey Sənin müqəddəs hüzurunda səfildir və Sənin Öz Varlığının cəlalı ilə müqayisədə bir heçdir.

Mən Sənin sifətlərini heç vəchlə tərif edə bilmərəm, məgər onunla ki, Sən Özün Öz Mötəbər Kitabında onları tərif etmisən, harada ki, Sən buyurursan, "Gözlər onu dərk etməz, O isə gözləri dərk edər. O, Lətif və Xəbərdardır." 1(Quran, 6:103) , Alqış Sənə, Ey mənim Allahım, həqiqətən, heç bir ağıl və ya göz, nə qədər iti və ya bəsirətli olsa da, Sənin əlamətlərindən ən cüzi olanın təbiətini anlaya bilməz. Həqiqətən, Sən Allahsan, Səndən başqa Allah yoxdur. Mən şəhadət verirəm ki, təkcə Sən Özün Öz sifətlərinin yeganə ifadəsisən. Səndən başqa heç kəsin tərifi Sənin müqəddəs dərgahına çata bilməz, Sənin sifətlərini isə Səndən özgə kimsə dərk edə bilməz.

Alqış Sənə, Sən Özündən başqa hər kəsin vəsfindən yüksəksən, çünki bu insan anlayışından kənardır ki, Sənin məziyyətlərini tərif etsin, ya da Sənin Zatının batini маhiyyətini dərk edə bilsin. Bu Sənin şərəfindən çox uzaqdır ki, Sənin yaratdıqların Səni vəsf etsinlər, ya da Səndən özgə kimsə Səni nə vaxtsa tanıya bilsin. Mən Səni, Ey mənim Allahım, ona görə tanıdım ki, Özün Özünü mənə tanıtdırdın, çünki əgər Özünü mənə zahir etməsəydin, mən Səni tanımazdım. Məni Özünə çağırdığın üçün mən Sənə sitayiş edirəm, çünki Sənin çağırışın olmasaydı, mən Sənə sitayiş etməzdim.

-The Báb
-----------------------

